İDMAN
Fəridə Əzizova: Təcrübə toplamaq və yeni qaydalara uyğunlaşmaq üçün beynəlxalq turnirlərdə iştirak edəcəyik
Bakı, 5 fevral, AZƏRTAC
Təcrübə toplamaq, reytinq xalları yığmaq, yeni qaydalara və sistemə uyğunlaşmaq üçün bir neçə beynəlxalq turnirdə iştirak etməyimiz vacibdir. Olimpiya Oyunlarında rəqiblərimizlə məhz yeni qayda və sistemlə döyüşəcəyik. Fevralın 23-25-də Azərbaycan milli komandasının heyətində Birləşmiş Ərəb Əmirliklərində “Fuceyra Open-2016”, martın əvvəllərində Misirdə “Luksor Open” beynəlxalq turnirlərində mübarizə aparacağam. Martın sonunda “Ukraine Open” turnirinə, apreldə Almaniyada prezident kuboku yarışına, mayda isə İsveçrədə Avropa çempionatına qatılmağı planlaşdırırıq. Turnirlər arasında olan müddətdə isə respublikanın bölgələrinin birində və ya xaricdə təlim-məşq toplanışlarının təşkil olunması nəzərdə tutulur.
Bu sözləri birinci Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizova AZƏRTAC-a məxsusi müsahibəsində bu il iştirak edəcəyi beynəlxalq yarışlar və Rio Olimpiya Oyunlarına hazırlığı haqqında məlumat verərkən deyib.
“Əvvəlcə Avropa çempionatına hazırlaşacağıq. Qitə çempionatından sonra məşqlərimizi intensivləşdirib, avqustda Braziliyada keçiriləcək Olimpiadaya xüsusi hazırlıq keçəcəyik. Beynəlxalq yarışlarda qazandığımız nailiyyətlərimizi Cənubi Amerika ölkəsində daha da artırmağa səy göstərəcəyik”, – deyə “London-2012” Yay Olimpiya Oyunlarının iştirakçısı F.Əzizova bildirib.
Xatırladaq ki, Azərbaycan idmançısı Fəridə Əzizova Olimpiya Oyunlarında ölkəmizi ikinci dəfə təmsil edəcək.