İQTİSADİYYAT
FERMERLƏRƏ KREDİTLƏR VERİLİR
“Kred-Aqro” Qeyri Dövlət Kredit Təşkilatının (QDKT) İsmayıllı nümayəndəliyi 2001-ci ildən fəaliyyət göstərir. İndiyədək İsmayıllı və Göyçay rayonlarında kənd təsərrüfatında çalışan fermerlərə və fiziki şəxslərə 1 milyon ABŞ dollarından artıq məbləğdə kredit vermişdir.
Nümayəndəlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, təşkilat, əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və alqı-satqısı proseslərinin maliyyələşdirilməsi ilə məşğuldur. Kreditlərin müddəti altı aydan on səkkiz ayadək, məbləği isə 500-30 min ABŞ dolları həddindədir. İndiyədək verilən kreditlərin orta məbləği hər müraciətçiyə 4032 ABŞ dolları təşkil etmişdir.
Hazırda nümayəndəlik İsmayıllı və Göyçay rayonlarında 130 fəal müştəri ilə işləyir. Onlara hər ay orta hesabla 40-60 min ABŞ dolları məbləğində kredit verilir.