“FƏXRƏDDİN-K” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN KƏRPİC ZAVODU MÜASİR MÜƏSSİSƏDİR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Prezident İlham Əliyev Masallıya səfərinin sonunda “Fəxrəddin-K” Məhdud Məsuliyyətli Cəmiyyətinin kərpic zavoduna gəlmişdir. Fəhlələr dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.
Zavodun direktoru Fəxrəddin Baxşıyev Prezidentə məlumat verdi ki, zavod 1989-cu ildə tikilmişdir. O vaxt sahəsi 2,5 hektar, illik gücü 3 milyon ədəd idi. 1997-ci ildə müəssisə tam özəlləşdirildikdən sonra sahəsi 10 hektara, illik gücü isə 60 milyon ədədə çatdırılmışdır. Hazırda burada 380 nəfər işçi çalışır. Müəssisə kirəmit, divar üzlükləri istehsal edir. Zavodu elektrik enerjisi ilə davamlı təmin etmək üçün ayrıca yardımçı stansiya tikilmişdir.
Zavodun 24 avtomobili və traktoru var. Fəhlələri işə gətirib-aparmaq üçün 4 avtobus ayrılmışdır.
Prezident İlham Əliyev zavodun sexlərini gəzdi, istehsal prosesini izlədi, burada yaradılan şəraiti və görülən işləri yüksək qiymətləndirdi. Bu cür müəssisələr hesabına ölkənin iqtisadi tərəqqisinə nail olunduğunu və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurla həyata keçirildiyini vurğuladı və zavodun kollektivinə müvəffəqiyyətlər arzuladı.
Dövlətimizin başçısı daha sonra zavodun istehsal etdiyi məhsulların çeşidləri ilə də tanış oldu, ümummilli liderimiz Heydər Əliyevin Masallıya səfərləri zamanı çəkilmiş fotoşəkillərə baxdı.
X X X
Sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Yardımlı rayonuna gəldi. Dövlətimizin başçısı burada Heydər Əliyev parkının və büstünün açılışında oldu, rayon ictimaiyyəti ilə görüşdü, Heydər Əliyev muzeyinin, şəhər stadionunun, tikiş fabriki və xalça sexinin, ticarət mərkəzinin, akademik Zərifə Əliyeva adına körpələr evi-uşaq bağçasının açılışında iştirak etdi.
Həmin gün Prezident İlham Əliyev Lənkəran Şəhər İcra Hakimiyyətinin binasında ölkəmizin cənub bölgəsinin sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş müşavirə keçirdi. Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı. Sonra Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayon icra hakimiyyətlərinin başçıları görülən işlər barədə məlumat verdilər.
Prezident İlham Əliyev müşavirəyə yekun vurdu.
(Dövlətimizin başçısının Yardımlı rayonuna səfəri və Lənkəranda keçirdiyi müşavirə haqqında geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).