FHN “Bəşəriyyətin təhlükə mənbəyi - narkomaniya” mövzusunda tədbir keçirib
Bakı, 3 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, belə halların (hadisələrin) qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi tərəqqini ləngidən, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan narkomaniyanın qarşısını almaq istiqamətində gənclər arasında aparılan geniş maarifləndirmə işinin aparılması da diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar FHN-in qurum və regional mərkəzlərində mütəmadi olaraq narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə şəxsi heyət arasında təbliğat-maarifləndirmə tədbirləri, metodiki vəsaitlərin, yaddaş kitabçalarının, bukletlərin, plakatların hazırlanması, şəxsi heyət arasında iclas, müşavirə, dəyirmi masa ətrafında müzakirələrin keçirilməsi, videoçarxların, sənədli filmlərin nümayişləri, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin məsul işçiləri ilə görüşlərin təşkili həyata keçirilib.
Görülmüş işlərin davamı olaraq nazirin 2020-ci il 30 dekabr tarixli əmri ilə təsdiq olunmuş “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə 2021-ci il üçün Təşkilati-metodiki göstərişlər”in 5-ci bəndinin icrası ilə əlaqədar FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən nazirliyin Mülki Müdafiə Qoşunlarının əsgər və zabit heyəti arasında “Bəşəriyyətin təhlükə mənbəyi - Narkomaniya” mövzusunda tədbir keçirilib.
Baş idarənin Qoşun və qüvvələrin hazırlığı idarəsinin rəisi polkovnik Davud Məmmədov tədbirdə çıxış edərək ümumbəşəri bəla olan narkomaniyanın inkişaf sürətinin qarşısının alınması istiqamətində gənclərin potensial imkanlarının genişləndirilməsi, elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyəti haqqında danışıb.
Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Xanım Sofiyeva çıxışında qeyd edib ki, insanlığa zərbə vuran, cəmiyyətdə cinayətkarlığa, zorakılığa rəvac verən, ailələri dağıdan, çarəsiz xəstəliklərə səbəb olan, ömürləri yarımçıq bitirən narkomanlığa qarşı mübarizədə cəmiyyətin hər bir vətəndaşı barışmaz mövqe tutmalı, əlindən gələni əsirgəməməli, ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidir.
Çıxış edən Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinin psixoloji təminat üzrə komandir müavini polkovnik-leytenant Zabil Əliyev yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq istiqamətində qabaqlayıcı tədbirlərin, antinarkotik təbliğatın vacibliyini qeyd edib.
Daha sonra Mülki Müdafiə Qoşunlarının Şəxsi heyətlə iş üzrə şöbənin Şəxsi heyətin mənəvi-psixoloji hazırlıq bölməsi rəisinin baş köməkçisi baş leytenant İlqar Abbasov narkotik asılılıq, fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat verdi, mövzu ilə bağlı fotoslayd və videoçarx nümayiş olunub.
Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin vacibliyi qeyd edilib.