CƏMİYYƏT
FHN ilə Yaponiyanın tikintidə təhlükəsizlik məsələləri üzrə təcrübəli şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Yaponiyanın “Shinyei Kaisha” şirkətinin nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Qonaqları salamlayan nazir Kəmaləddin Heydərov FHN-in fəaliyyət istiqamətləri, o cümlədən tikintidə təhlükəsizliyin təmin edilməsi məsələlərindən danışıb. Nazir son illər Azərbaycanda tikinti-quruculuq və abadlaşdırma işlərinin geniş vüsət aldığını, tikinti sahəsində beynəlxalq normalara uyğun normativ hüquqi bazanın formalaşdığını və nəticədə nəhəng tikinti meydançasına çevrilmiş ölkəmizdə inşaat sahəsində sıçrayışlı inkişafın müşahidə olunduğunu diqqətə çatdırıb.
Nazir deyib ki, FHN tikintidə təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, nazirliyin Yaponiyanın tikintidə təhlükəsizlik məsələləri üzrə zəngin təcrübəyə malik “Shinyei Kaisha” şirkəti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu bildirilib.
“Shinyei Kaisha” şirkətinin nümayəndə heyətinin rəhbəri, Tokio Mühəndislər Birliyinin sədr müavini Kimura Osamu səmimi görüşə görə təşəkkür edib. O, ölkəmizdə tikinti sahəsində müşahidə etdiyi inkişafla bağlı təəssüratlarını bölüşüb, ikitərəfli əlaqələrin genişləndirilməsinin faydasını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.