FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib
Bakı, 11 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin Gəncə regional Mühafizə İdarəsində “Obyektlərdə mühafizə işinin təşkili zamanı yanğın təhlükəsizliyinin təmin olunması və yanğın zamanı ilkin hərəkətlər” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə DİN-in Baş Mühafizə İdarəsi Gəncə Regional Mühafizə İdarəsinin rəhbərliyi, polis əməkdaşları və manqa komandirləri iştirak ediblər.
Maarifləndirmə tədbirində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumat verilib.
Sonra təxliyə planından düzgün istifadə olunmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın vacibliyi diqqətə çatdırılıb və suallar cavablandırılıb.