FHN-in kikboksinq komandası Bakı birinciliyinin qalibi olub
Bakı, 19 oktyabr, AZƏRTAC
Hövsan Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə kadet, yeniyetmə və gənclər arasında kikboksinq üzrə paytaxt birinciliyi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, turnirdə respublikanın müxtəlif şəhər və rayonlarından, idman cəmiyyətləri və klublardan 46 komanda olmaqla 350-yə yaxın idmançı mübarizə aparıb.
Yarışda 20 idmançı ilə təmsil olunan FHN-in İdman-sağlamlıq klubunun kikboksinq üzrə komandasının idmançıları məşqçi müəllim Elşən İsayevin rəhbərliyi altında uğurla çıxış ediblər. Müxtəlif yaş qruplarında mübarizə aparan kollektiv üç qızıl, iki gümüş və səkkiz bürünc medal qazanıb və komanda hesabında birinci yeri tutublar.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub. Bundan başqa, FHN idmançıları turnirin fəxri kubokunun sahibi olublar.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.