CƏMİYYƏT
FHN-in qurumlarına orta məktəb şagirdləri üçün ekskursiya









Bakı, 8 iyun, AZƏRTAC
Abşeron rayonunun Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdləri üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Yanğından Mühafizə Hissəsinə və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” zəng mərkəzinə ekskursiya təşkil edilib.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ekskursiyanın keçirilməsində məqsəd şagirdlərin FHN-in fəaliyyəti barədə yerində məlumatlandırılması, onlarda gələcəkdə fövqəladə hallar orqanlarında xidmətə marağın yaradılması və peşə seçiminə kömək olub.
Şagirdlərə yanğınsöndürən və xilasedicilərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə və xilasetmə vasitələrindən istifadə qaydaları, əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin məktəblilər fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqlarla yaxından tanış olublar.
Sonra şagirdlər FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 - zəng mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar. Məktəblilərə zəng mərkəzində fövqəladə hallarla bağlı zənglərin qəbulu, aidiyyəti qurumların hadisə yerlərinə cəlb edilməsi, qüvvə və vasitələrin idarə olunması ilə bağlı məlumat verilib.
Şagirdlərin böyük maraqla qarşıladığı ekskursiya zamanı mütəxəssislər onların suallarını ətraflı cavablandırıblar.