FHN müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji yardım işini davam etdirir
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində işğalçı düşməni torpaqlarımızdan qovaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri, qazilər, müharibədən fiziki-mənəvi əziyyət çəkən insanlar daim dövlətimizin diqqət mərkəzindədir. Hər zaman dövlətimizin başçısının qayğısı ilə əhatə olunan bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı yüksək səviyyədə həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, FHN tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər nazirliyin mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər. Belə ki, ötən müddət ərzində ümumilikdə 1750 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 150-yə yaxın uşaq və yeniyetməyə 3750-yə yaxın seans psixoloji yardım göstərilib.
Hazırda psixoloji yardım işi Bakıda davam etdirilir. Bundan əvvəl Gəncə, Bərdə, Lənkəran və Qəbələ şəhərlərində də FHN tərəfindən psixoloji yardım xidməti həyata keçirilib.
Ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün nazirliyin 112 - qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.