FHN rəsmisi: Yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət edilməlidir

Bakı, 18 fevral, Göyçək Mahmudlu, AZƏRTAC
Monitorinqlər zamanı bəzi ictimai-iaşə obyektlərində fərdi balon qurğularından, yəni propan qaz balonlarından istifadə halları aşkarlanıb. Onların sızması, texniki təhlükəsizlik tələblərinə cavab verməməsi kimi hallar partlayış-yanğın hadisələri ilə nəticələnir. Belə qanun pozuntularına yol verən şəxslərlə bağlı növbəti yoxlamalar zamanı qanunvericilikdə nəzərdə tutulan ciddi tədbirlər görüləcək.
AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev bəzi qeyri-yaşayış obyektlərində keçirilən yanğın-texniki müayinələr zamanı deyib.
"Bildirmək istərdik ki, fərdi balon qurğuları daşınan qurğulardır və yanğın nəzarəti üzrə dövlət inspektorlarının hər ictimai iaşə obyektində bu təsərrüfatla bağlı fəaliyyətlərin nəzarətdə saxlanılması, onun gündəlik təmin edilməsi kimi imkanlar yoxdur. Buna görə də “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 6-cı və 7-ci maddələri vətəndaşların, o cümlədən müəssisə rəhbərlərinin üzərinə belə vəzifə qoyur ki, həmin şəxslər onların istifadəsində olan ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət etməlidirlər. Bu, onların vəzifə borclarıdır”, - deyə C.Xudiyev qeyd edib.