CƏMİYYƏT
FHN stomatoloji klinikada rentgen-müayinə kabinetinin fəaliyyətini dayandırıb
Bakı, 8 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) stomatoloji klinikada rentgen-müayinə kabinetinin fəaliyyətini dayandırıb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən nəzarət tədbirləri çərçivəsində paytaxtın Nərimanov rayonunun S.Rəhimov küçəsi, B78 ünvanında fəaliyyət göstərən “RONDENT” MMC-yə məxsus stomatoloji klinikada ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması hallarının aradan qaldırılmadığı və ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş “xüsusi icazə”nin qüvvədə olma müddətinin bitdiyi müəyyənləşdirilib.
Agentlik qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində həmin tibb müəssisəsində rentgen kabinetinin fəaliyyətini dayandırıb.
FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirləri görür.