FHN: Sumqayıtda müəssisədə radiasiya fonu normadan artıq olub VİDEO
Bakı, 16 sentyabr, AZƏRTAС
Sentyabrın 9-da Sumqayıt şəhərinin İnşaatçılar küçəsində müəssisənin ərazisində radiasiya fonunun normadan artıq olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal FHN-in qüvvələri cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müəssisənin ərazisində lokal yerdə qamma-şüalanmanın doza gücünün təbii fondan yüksək olduğu təsdiqini tapıb və bununla bağlı zəruri ilkin təhlükəsizlik tədbirləri görülüb, o cümlədən əraziyə kənar şəxslərin girişi müvəqqəti məhdudlaşdırılıb.
Faktla bağlı FHN tərəfindən aparılmış radiometrik-dozimetrik və spektrometrik ölçmələr, eləcə də nüvə-radioloji sınaq işləri nəticəsində şüalanma mənbəyinin dəqiq yeri müəyyənləşdirilib.
Nazirlik aidiyyəti dövlət qurumların nümayəndələrinin iştirakı ilə müəssisədə yer səthindən 40 santimetr dərinlikdə aşkarlanan Cs (sezium) 137 radioaktiv maddəsi xüsusi təyinatlı texnika və avadanlıqların tətbiqi ilə ərazidən götürülərək, FHN-in “İzotop” xüsusi kombinatına aparılıb.
Əməliyyatdan sonra hadisə yerində təkrar müayinələr zamanı radiasiya fonunun normaya düşdüyü müəyyən olunub.