FHN tərəfindən müəyyən olunmuş nöqsanların aradan qaldırıldığı obyektin fəaliyyətinin bərpasına icazə verilib
Bakı, 27 aprel, AZƏRTAC
Bu ilin aprelində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhərinin Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi, 10 ünvanındakı “Pak məkan hamamı” adlı obyektdə keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib. Həmin müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xidmət tərəfindən sözügedən obyektdə yanğın təhlükəsizliyi ilə bağlı müəyyən edilmiş nöqsanların ötən müddətdə aradan qaldırıldığı nəzərə alınaraq, “Pak məkan hamamı”nın fəaliyyətinin bərpasına icazə verilməsi barədə qərar qəbul edilib.