FİNLANDİYA RESPUBLİKASININ PREZİDENTİ XANIM TARYA HALONENİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
HAVA LİMANINDA QARŞILANMA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonen sentyabrın 29-da ölkəmizə ikigünlük rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Finlandiyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Finlandiya Respublikasının Prezidenti Tarya Haloneni və həyat yoldaşı Pentti Arayarvini Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov, digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar Finlandiya rəhbərinə və həyat yoldaşına gül-çiçək təqdim etdilər.
Qarşılanma mərasimindən sonra Finlandiya Prezidenti Tarya Halonen ilə Azərbaycanın Baş naziri Artur Rasizadə arasında qısa protokol görüşü oldu.
Finlandiya Prezidenti hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə onun üçün ayrılmış iqamətgaha yola düşdü.