Finlandiya Ümumdünya Səhiyyə Təşkilatına əlavə maliyyə vəsaiti ayıracaq
Stokholm, 16 aprel, AZƏRTAC
Finlandiyanın Xarici İşlər naziri Pekka Haavisto bəyan edib ki, onun ölkəsi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) əlavə maliyyə vəsaiti ayıracaq.
AZƏRTAC xəbər verir ki, xarici siyasət idarəsinin başçısı Finlandiyanın “STT” informasiya agentliyinə məlumatında COVID-19 koronavirusuna qalib gəlməkdən ötrü ÜST-nin fəaliyyətinin indi daha vacib olduğunu bəyan edib.
Finlandiya tərəfindən maliyyələşdirilmənin artırılması barədə qərar ABŞ Prezidenti Donald Trampın bu təşkilata Amerika maliyyə təxsisatının həcminin azaldılmasını elan etdikdən sonra qəbul olunub. Finlandiya hökuməti ÜST-də yaranmış vəziyyəti bir növ yaxşılaşdırmaqdan ötrü ölkənin təxsisatının 2015-ci ildəki səviyyəyə - yəni 5,5 milyon avroyadək artırmaq barədə ÜST ilə razılığa gəlib. Qeyd etmək yerinə düşər ki, ötən il Finlandiyanın ÜST-yə üzvlük haqqı 1,9 milyon avro və bir sıra proqramlar üzrə əlavə dəstək 750 min avro təşkil edib. Bundan başqa, ÜST-nin müxtəlif orqanlarına təqribən 900 min avro ödənilib. Finlandiyanın Xarici İşlər Nazirliyi fövqəladə vəziyyətlərdə fəaliyyət planı və COVID-19-la mübarizə üçün artıq çərşənbə günü ÜST-yə 1 milyon avro köçürüb.
Qeyd edək ki, Birləşmiş Ştatlar ÜST-nin iri donorlarından biri olub və təşkilata təkcə 2019-cu ildə 400 milyon dollar ayırıb. ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı bəyan edib ki, maliyyələşdirilmənin dayandırılmasına səbəb, onun fikrincə, ÜST-nin koronavirus pandemiyasının baş qaldırmasına cavabında özünün əsas vəzifəsinin icrasında uğursuzluqla qarşılaşması olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm