Finlandiyada faciəli 20 yanvar hadisələrinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir
Helsinki, 20 yanvar (AZƏRTAC). 1990-cı ilin yanvar ayında Bakının dinc sakinləri arasında çoxsaylı insan tələfatına səbəb olmuş faciəli hadisələrin 24-cü ildönümü ilə əlaqədar Finlandiyanın Azərbaycan diasporu yanvarın 20-də Helsinki Universitetinin əsas kitabxanasında anma tədbiri keçirmişdir.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Azərbaycan diasporunun Helsinkidəki nümayəndələri, habelə Azərbaycanın müasir tarixi ilə maraqlanan finlandiyalı ictimai xadimlər iştirak etmişlər.
“Dostluq” Azərbaycan Cəmiyyətinin sədri Təranə Nəzərova demişdir ki, 20 Yanvar günü Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixində ən qanlı səhifə kimi yadda qalacaqdır. 20 Yanvar - Ümumxalq Hüzn Günü bütün azərbaycanlılar üçün faciəli gündür.
Təranə Nəzərova qeyd etmişdir ki, bu gün Azərbaycan xalqı 1990-cı ilin yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzünə, keçmiş SSRİ rəhbərliyi tərəfindən Ermənistana göstərilən himayədarlığa öz etirazını bildirmək üçün Bakının küçə və meydanlarına çıxmış Vətən övladlarının xatirəsini ehtiramla yad edir.
Vurğulanmışdır ki, 20 Yanvar günü Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.
Sonra faciəli Yanvar hadisələrinə həsr edilmiş “Azadlığa aparan yol” sənədli filmi nümayiş etdirilmişdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki