SİYASƏT
Finlandiyanın və İsveçrənin sabiq qadın prezidentləri Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak edəcəklər
Bakı, 16 aprel (AZƏRTAC). Finlandiyanın və İsveçrənin sabiq qadın prezidentləri Tarya Halonen və Mişelin Kalmi-Rey mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak edəcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2000-2012-ci illərdə Finlandiyaya rəhbərlik etmiş Tarya Halonen hazırda yeni təsis olunmuş Qlobal Liderlər Alyansının üzvüdür. Bir sıra nüfuzlu təşkilatların dəstəyi ilə yaradılan Alyansın əsas məqsədi qloballaşan dünyada tanınmış alimlər, sabiq dövlət və hökumət başçılarından ibarət Ali Qrupun sivilizasiyalararası siyasi, mədəni, dini anlaşmanın yaradılmasında fəal iştirakına nail olmaqdır. Alyansın ilk toplantısı mayın 7-8-də Bakıda keçiriləcəkdir.
Xatırladaq ki, Cənubi Qafqaz Forumunda dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssis, 50-dən çox sabiq dövlət və hökumət başçısı iştirak edəcəkdir.
Forumun əsas tərəfdaşları Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Sülh Fondu və Gəncə Şəhər İcra Hakimiyyətidir.