Fizioterapevt: Müasir dövrdə fizioterapiya ən təhlükəsiz müalicə vasitəsidir
Bakı, 11 fevral, AZƏRTAC
Fizioterapiya fiziki amillər tətbiq olunmaqla mövcud tibbi müalicə vasitələrindən biridir və bir çox metodları var. Bəzi hallarda xəstəyə elektro, lazer, maqnit terapiya kimi vasitələr, lazım olduğu təqdirdə isə müalicəvi bədən tərbiyəsi və masaj seanslarından istifadə olunur.
AZƏRTAC Zaqatala Rayon Mərkəzi Xəstəxanasının rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bunu mərkəzin Fizioterapiya şöbəsinin müdiri, həkim-fizioterapevt Günay Bayramova deyib.
Onun sözlərinə görə, fizioterapiya zamanı əsasən dəriyə və dərialtı toxumalara təsir olunur. “Bu müalicə vasitəsinin üstünlüyünün əsas səbəbi dərmansız, ağrısız, kəsiksiz müalicə metodu olmasıdır. Fizioterapiya təbii amillərlə müalicə deməkdir. Bir çox xəstəliklərin profilaktikasında çox gözəl vasitə olan bu üsul bir qayda olaraq ağrısızdır, allergik reaksiyalara səbəb olmur və yan təsirləri yoxdur. Lakin bəzilərinin əks-göstərişləri var. Bu səbəbdən müalicədən öncə həkimlə məsləhətləşmək lazımdır. Ağır travmalar sonrası reabilitasiya və xroniki iltihabı proseslər zamanı fizioterapiya müalicənin ayrılmaz hissəsi olur. Fizioterapiya həm bütün orqanizmə, həm də fərqli nahiyələr üçün tətbiq oluna bilər. Hansı prosedurun tətbiq olunacağı pasiyentin yaşından, xəstəliyin dərəcəsindən asılıdır”.
Fizioterapevt qeyd edib ki, fizioterapiya ağır xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm rol oynayan, eyni zamanda müxtəlif xəstəliklərin kəskinləşməsindən qorunmağa kömək edən müalicə-profilaktika vasitəsidir. Onun tətbiq olunmasında uşaqlarla böyüklər arasında heç bir fərq yoxdur. Fizioterapevtlər qamət problemlərini həll etməyə, xəstəliklərin bəzi fəsadlarını aradan qaldırmağa, zədələnən əzələləri tədricən bərpa etməyə, gərginliyi azaltmağa və orqanizmi xoşagəlməz xəstəliklərdən qorumağa kömək edirlər. Müasir dövrdə fizioterapiya ən təhlükəsiz müalicə vasitəsi hesab edilir.