CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyində keçirilən seminarda ölkəmizin qoşulduğu regional layihələr müzakirə olunub
![](/files/galleryphoto/2023/2/1200x630/16862200894222144964_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16862200895894520034_1200x630.jpg)
Bakı, 8 iyun, AZƏRTAC
Avropa İttifaqının Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri Təşəbbüsünün Cənub-şərqi və Şərqi Avropa katibliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti səfər çərçivəsində FHN-də aidiyyəti ekspertlərin iştirakı ilə görüş keçiriblər. Görüşdə həmin qurum tərəfindən həyata keçirilən və Fövqəladə Hallar Nazirliyinin də iştirak etdiyi layihələrlə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Səfər çərçivəsində FHN-in və Kimyəvi, Bioloji, Radioloji və Nüvə Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri Təşəbbüsünün Cənub-şərqi və Şərqi Avropa katibliyinin birgə təşkilatçılığı ilə seminar keçirilib.
Seminarda Fövqəladə Hallar, Xarici İşlər, Müdafiə, Daxili İşlər, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, TƏBİB və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkəmizin həmin təşəbbüs çərçivəsində qoşulduğu regional layihələrin gedişatı, icra vəziyyəti və əldə olunmuş nəticələrdən bəhs edilib. Eyni zamanda, Kimyəvi, Bioloji, Radioloji və Nüvə ilə bağlı risklərin azaldılması sahəsində milli səviyyədə ehtiyacların qiymətləndirilməsi, daimi əsasda müvafiq tərəfdaşlardan ibarət milli komandanın yaradılması, milli fəaliyyət planının hazırlanması ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.
Seminarda, həmçinin Cənub-şərqi və Şərqi Avropa katibliyinin regional koordinatoru Talqat Tolubayev və baş eksperti Jumber Mamasakhlisinin təqdimatları dinlənilib. Təqdimatlar zamanı həyata keçirilməsi planlaşdırılan regional layihələr, eyni zamanda, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), təcrübəli beynəlxalq ekspertlər, o cümlədən Cənub-şərqi və Şərqi Avropa regionundan olan ekspertlərin birgə tərəfdaşlığı ilə BMT-nin Regionlararası Cinayət və Ədliyyə üzrə Tədqiqat İnstitutunun hazırladığı Kimyəvi və Bioloji Cinayətlər üzrə Prokurorun Bələdçisi (təlimat) sənədi barədə ətraflı məlumat verilib. Həmin təlimat sənədlərinin radioloji və nüvə cinayətləri üzrə də hazırlanmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Daha sonra icrası yekunlaşmış “Kimyəvi, Bioloji, Radioloji və Nüvə tullantılarının idarəedilməsi bacarıqlarının gücləndirilməsi” adlı P67 nömrəli regional layihədən əldə olunmuş nəticələr, görüləcək işlər, o cümlədən hazırda icra olunan “Cənub-şərqi və Şərqi Avropa ölkələrində Kimyəvi, Bioloji, Radioloji və Nüvə hadisələri zamanı tibbi hazırlıq və cavab tədbirləri imkanlarının gücləndirilməsi” adlı P88 nömrəli regional layihənin gedişatı barədə fikir mübadiləsi aparılıb.