Fransa Ermənistan hakimiyyətinə təzyiq edərək, regionda növbəti eskalasiyaya şərait yaradır – RƏY
Bakı, 25 yanvar, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Ermənistana mülki missiya göndərməklə böyük yanlışlığa yol verdi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Qərblə münasibətlərini daha da dərinləşdirmək, sülhə töhfə vermək və normallaşma prosesində Aİ-nin neytral mövqe seçəcəyinə inanaraq Brüssel formatına razılıq vermişdi. Rəsmi Bakı iki il ərzində beynəlxalq təşkilatlar qarşısında Ermənistana təzyiq göstərilməsini, düşmən ölkədən isə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsini tələb edirdi. Ermənistan öz növbəsində nəinki Bəyanatın müddəalarına əməl etmək, hətta Azərbaycanla şərti sərhəddə pozuculuq işləri ilə məşğul oldu. Belə ki, qanunsuz erməni silahlı birləşmələri bu günədək Qarabağdan çıxarılmayıb, həmçinin Azərbaycan Ordusuna qarşı təxribatlar da davam edir.
Dekabrın 12-dən ekofəallar Laçın-Xankəndi yolunda aksiyalara başlayıblar. Onlar haqlı tələblərlə çıxışlarını davam etdirərək qanunsuz daşınmaların qarşısını alıblar. Çünki humanitar məqsədlər üçün fəaliyyətinə icazə verilmiş Laçın dəhlizindən Azərbaycanın sərvətləri qanunsuz şəkildə daşınır. Bununla yanaşı, ermənilər yeni istehsal edilmiş minaları ərazilərimizdə basdıraraq dinc sakinləri və hərbi qulluqçuları terrora məruz qoyublar. Torpaqlarımızdakı mina təhlükəsi isə hələ də davam edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tural Əliyev söyləyib.
Politoloq qeyd edib ki, Qərbin bəzi təsisatlarının Azərbaycandan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini icra etməyinə dair çağırışlarının heç bir siyasi və mənəvi əsası yoxdur. Fransanın “dirijor” çubuğu ilə idarə olunan belə beynəlxalq qurumları ədalətə və konvensiyalara deyil, şəxsi maraqlara xidmət edir. Aİ-nin Ermənistan ərazisində Azərbaycanla sərhəddə əvvəlki ikiaylıq və qırx nəfərdən ibarət heyətindən daha çox sayda və daha uzun müddətə nümayəndələrini bölgəyə göndərməsi sülhə deyil, bu istiqamətdə prosesə xələl gətirəcək, onsuz da kövrək olan danışıqlara zərbə vuracaq.
“Fransanın bu missiyanın davamı olaraq mülki qiyafəni hərbi formata dəyişdirmək niyyəti açıq-aşkar görünməkdədir. Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğu və sərhədlərini qoruduğu üçün Fransa dürüst ola bilmir. Bu səbəbdən əsl xislətini gizlədir, yeni reallıqlarla barışmaq istəmir. Fransa ilkin mərhələdə diplomatik və siyasi yolla Rusiyanı Ermənistandan çıxarmağı, gələcəkdə isə Cənubi Qafqaza ordusunu gətirməyi planlaşdırır. Müharibə bitdikdən sonra Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən ən vacibini - Zəngəzur dəhlizinin açılmasına qarşı dirənişinin arxasında məhz bu amil dayanır. Fransa dəridən-qabıqdan çıxır ki, dəhliz işə düşməsin. O, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafının qarşısını bu metodlarla ala biləcəyini düşünür. Fransa Ermənistan hakimiyyətinə mütəmadi təzyiq edərək, regionda növbəti eskalasiyaya şərait yaradır. Ermənistan isə məqamı fürsət kimi dəyərləndirərək vaxt uzatmaq və ərazisindən geosiyasi toqquşmalara meydan verməklə suverenliyini sual altında qoyur”, - deyə politoloq vurğulayıb.
Tural Əliyev bildirib ki, Azərbaycan hər zaman sülhə sadiqliyini sübuta yetirib. Ölkəmiz dəfələrlə Ermənistan tərəfinə sülh müqaviləsinə qarşı olmadığını və onların bundan imtina etməsi halında prosesin nə ilə nəticələnə biləcəyini beynəlxalq platformalarda, üçtərəfli formatlarda açıq şəkildə diqqətə çatdırıb.
Ermənistan isə bölgədə reallaşacaq yeni meqalayihələri, iqtisadi əlaqələri və ən əsası bölgəni sabit regiona çevrilmək imkanlarını deyil, hər vəziyyətdə aranı qarışdırmaq istəyən qüvvələrlə əlbir olmağı seçir.