Fransa hökuməti parlamentdə pensiya islahatı ilə bağlı debatların vaxtını məhdudlaşdırır
Paris, 10 fevral, AZƏRTAC
Fransada pensiya islahatlarına qarşı etirazlar gündən-günə genişlənir. Milli Assambleyaya göndərilmiş pensiya islahatı barədə qanun layihəsinin mətninə müxtəlif siyasi partiyalar tərəfindən 20 min dəyişikliyin edilməsi ilə bağlı təkliflər irəli sürülüb. Fransız deputatların bu qədər dəyişikliyi 20 gün ərzində müzakirə edə bilmələri sual altındadır.
AZƏRTAC xəbər verir ki, Milli Assambleyanın təqdim olunan qanun layihəsi mətninin oxunuşu Konstitusiyanın 47-1-ci maddəsi ilə tənzimlənir. Həmin maddə ilə mətnin birinci oxunuşu üçün 20 gün nəzərdə tutulur. Bu müddət başa çatandan sonra Assambleya mətni 15 gün ərzində araşdırması üçün Senata təqdim edir. Bu 35 gün ərzində islahatlarla bağlı layihə qəbul edilməzsə, Konstitusiyanın 45-ci maddəsi ilə birgə paritet komissiya yaradılacaq. Bu komissiyaya kompromis tapmaq həvalə edilir. Sonra bu kompromis təklif parlamentarilər tərəfindən təsdiqlənməlidir. Kompromis olmadığı halda, parlamentin aşağı və yuxarı palataları yenidən mətni müzakirə etməlidirlər. Hökumət 50 gündən sonra müzakirələri dayandıra və sərəncam qəbul edə bilər. Hökumət, eyni zamanda, Konstitusiyanın 49.3 maddəsinə müraciət edərək, parlamentarilərin narazılığına baxmayaraq, pensiya islahatı haqqında qanun layihəsini qəbul edə bilər.
Ancaq konstitusiyaçılara görə, pensiya islahatlarının hətta birinci oxunuşu 20 gündən çox davam edə bilər. Əslində, Konstitusiyanın 47-1-ci maddəsində parlament üzvləri tərəfindən qanun layihəsinin müzakirəsi üçün maksimum müddət göstərilmir. Müzakirələr 50 gündən çox, yəni, 51 və ya 52 gün də davam edə bilər. Lakin proses, həmçinin 35 gündən və ya ondan sonra parlament üzvlərinin səsverməsi ilə başa çata bilər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris