Fransa Livan ordusuna dəstək üçün beynəlxalq konfrans çağırıb
Paris, 14 yanvar, AZƏRTAC
Fransa hökuməti Livan Silahlı Qüvvələrinə yardım məqsədilə beynəlxalq konfrans keçiriləcəyini açıqlayıb. Fransanın Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavrö bildirib ki, konfrans martın 5-də Parisdə baş tutacaq.
AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, Fransa prezidentinin Livan üzrə xüsusi nümayəndəsi Jan-İv Lö Drian hazırda Beyrutdadır və bu mühüm tədbir Livan hakimiyyəti, eləcə də diplomatik “Beşlik” (Fransa, ABŞ, Səudiyyə Ərəbistanı, Misir və Qətər) çərçivəsindəki tərəfdaşlarla birgə hazırlanır.
Fransa XİN-də keçirilən həftəlik mətbuat konfransında bildirilib ki, Jan-İv Lö Drian Livanda prezident, parlament sədri, silahlı qüvvələrin komandanı və Baş nazir Nəvaf Salam ilə görüşlər keçirib. Görüşlərdə üç əsas prioritet üzrə irəliləyiş əldə olunub: İsraillə 27 noyabr tarixli atəşkəsin möhkəmləndirilməsi, Livan ordusunun planının ikinci mərhələsinin həyata keçirilməsi – xüsusilə “Hizbullah”ın tərksilah edilməsi, və ölkənin bərpası üçün zəruri olan iqtisadi və maliyyə islahatları.
Martın 5-də keçiriləcək konfransda koordinasiya qrupuna daxil olan beş ölkənin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Fransa Xarici İşlər Nazirliyi digər tərəfdaşların da tədbirə qoşula biləcəyini istisna etməyib. Konfransın əvvəlcə Ər-Riyadda keçirilməsi planlaşdırılsa da, sonda Parisin seçilməsinin səbəbi kimi diplomatik səmərəlilik göstərilib.
Bu proses fonunda Fransa diplomatiyası Livanın cənubunda vəziyyətin gərgin olaraq qaldığını vurğulayır. XİN İsrailin Livanın suverenliyini dəfələrlə pozmasından narahatlığını ifadə edib.