RƏSMİ XRONİKA
FRANSA MİLLİ ASSAMBLEYASININ SƏDRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın
30-da Fransa parlamentinin aşağı palatasının - Milli Assambleyasının binasına gəlmişdir.
Burada Azərbaycan Prezidentinin şərəfinə ancaq nadir dövlət başçılarına göstərilən hörmət və ehtiram əlaməti olaraq, süvari milli qvardiyaçılardan ibarət fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi binanın önündə Milli Assambleyanın sədri Jan-Lui Debre səmimiyyətlə qarşıladı.
Azərbaycanın və Fransanın dövlət bayraqları önündə xatirə şəkli çəkdirildikdən sonra Prezident İlham Əliyev ilə Jan-Lui Debre arasında görüş oldu.
Milli Assambleyanın sədri dedi ki, Azərbaycan Prezidentinin Fransaya dövlət səfərinin ikitərəfli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyəti var. Milli Assambleyada keçirilən görüş deputatlar, Fransanın iqtisadi strukturlarında məşğul olan iş adamları və digər insanlar üçün Azərbaycanda və regionda gedən proseslər barədə bilavasitə Sizdən məlumat almaq baxımından çox dəyərlidir.
Prezident İlham Əliyev dedi ki, son üç ildə Fransaya beş dəfə səfər etməyim Azərbaycanın bu ölkə ilə əlaqələrə böyük əhəmiyyət verdiyini göstərir. Siyasi sahədə əlaqələrimiz uğurla inkişaf edir, Fransa bizim üçün dost ölkədir. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafında Fransanın rolunu qeyd edən dövlətimizin başçısı iqtisadi sahədə geniş əməkdaşlığın olduğunu xatırladaraq dedi ki, Fransaya ötən səfərim zamanı Tuluza şəhərində olduq və aerobus tipli təyyarələr aldıq. Bu gün imzalanan sənədə görə isə yeni ATR tipli təyyarələr alınacaqdır. Energetika və digər sahələrdə də əməkdaşlıq münasibətlərimizin inkişafını göstərir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunuldu. Prezident İlham Əliyev Minsk qrupunun həmsədri kimi Fransanın danışıqlar prosesində fəal iştirakını və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinə sadiq olduğunu yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı təcavüzü, ermənilərin etnik təmizləmə siyasəti barədə danışdı, ərazilərimizin 20 faizinin işğal edildiyini, 1 milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirdi.
Görüşdə parlamentlərarası əlaqələrin genişlənməsinin əhəmiyyəti və bu baxımdan qarşılıqlı səfərlərin rolu vurğulandı. Bildirildi ki, əməkdaşlığın bundan sonra da genişlənməsi üçün yaxşı imkanlar vardır.