FRANSA NÜVƏ KOMİSSİYASININ SABİQ BAŞÇISINI ÇERNOBILA GÖRƏ CƏZALANDIRACAQLAR
Radioaktivlik haqqında tədqiqat və informasiya üzrə Müstəqil Komissiyanın ötən ilin axırlarında açıqlanmış məruzəsində deyilir ki, Korsikada və Fransanın cənub-şərqində yüksək radioaktiv çirklənmə İŞMMX-ə məlum idi. Komissiyanın məruzəsində bildirilir ki, dövlət orqanı radioaktiv çöküntülər düşən yerlər bilərəkdən dəqiq təsvir edilməyən xəritələr buraxmışdır. Ekspertlərin fikrincə, bu, adıçəkilən regionlarda qalxanvarı vəz xərçəngi xəstəliyinin artmasına səbəb olmuşdur.
Məruzədə deyilir ki, əgər səhiyyə orqanlarına təhlükənin miqyası məlum olsaydı, əhalinin imkansız təbəqələrini, eləcə də, hamilə qadınları və uşaqları müdafiə tədbirləri görülə bilərdi.
Fransada nüvə reaktorlarından istifadə əleyhinə çıxan təşkilatların fikrinçə, ölkə hökuməti əhali üçün Çernobıldan gələn radioaktiv riski bilərəkdən lap azaltmışdı. Hökumət bununla ölkənin nüvə sənayesinin imicini qorumağa çalışırdı.
Buna baxmayaraq, Fransa həkimləri Çernobıl qəzası ilə qalxanvarı vəzin xərçəngi xəstəliyinin artması arasında əlaqə olduğunu şübhə altına alırlar. Fransanın bəzi bölgələrində bu xəstəlikdən əziyyət çəkənlərin sayı hələ ötən əsrin 70-ci illərinin ortalarında artmağa başlamışdı.