AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrin kütləvi informasiya vasitələrinin Rusiyada akkreditə olunmuş nümayəndələri ilə görüşündə Almaniya radiosunun müxbirinin sualına cavabında vurğulayaraq demişdir ki, Azərbaycan bu qanunvericilik təşəbbüsünün irəli sürülməsi və səsvermənin keçirilməsindən çox narahatdır. Biz belə yanaşmanı rədd edirik. Biz Fransa parlamentinin üzvləri ilə deyil, Fransa hökuməti ilə işləyirik və bizim üçün Fransa hökuməti tərəfindən ifadə olunmuş mövqe qənaətbəxşdir. Biz ümidvarıq ki, Fransa tarixin saxtalaşdırılmasına əsaslanmış bu antidemokratik layihənin qanun kimi təsdiqlənməsinə imkan verməyəcəkdir. Çünki Fransa parlamentində baş verənlər fikir, söz azadlığının, demokratiyanın və demokratiyanın əsas prinsiplərinin kobud surətdə pozulmasıdır. Bu layihənin lehinə səs vermiş parlament üzvləri üçün gələcəkdə demokratiya haqqında danışmaq və digər ölkələri demokratik olmağa öyrətmək çox çətin olacaqdır.
Türkiyə hökumətinin Ermənistana təklif etdiyi müzakirələrin başlanılması və arxivlərin açılması təklifini dəstəkləyirik deyən Prezident bildirmişdir ki, qondarma “soyqırımı” ermənilərin və erməni lobbisinin uydurmasıdır. Onlar bundan Azərbaycana qarşı təcavüzlərinə bəraət qazandırmaq, özlərini qurban, “hücumlardan” əziyyət çəkmişlər kimi təqdim etmək üçün istifadə edirlər. Buna görə də belə hesab edirlər ki, hazırda azərbaycanlılara qarşı bu cür əməlləri törətmək hüquqları vardır. Xocalıda soyqırımı törədənlər məhz ermənilər olmuşlar. Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində 600-dən çox insan - uşaq, yaşlı adamlar, o cümlədən qadınlar qətlə yetirilmişdir.