FRANSA VƏ ERMƏNİSTAN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜNDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 5-də Fransa və Avropa xarici işlər naziri Bernar Kuşner öz iqamətgahında Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanı qəbul etmişdir.
Görüşdə nazirlər bir çox məsələlərlə bərabər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparmışlar. Hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Avropa Şurasının üzvü olan dövlətlərin xarici işlər nazirlərinin Strasburqda keçiriləcək yığıncağı çərçivəsində ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün təşkil edilməsini müsbət hal kimi qiymətləndirmişlər. Bu görüşün Ermənistan ilə Türkiyə arasında əlaqələrin müxtəlif aspektlərdə müəyyən irəliləyişlər əldə olunmasına təsir göstərəcəyi qeyd edilmişdir.
Fransanın Minsk qrupunun həmsədrlərdən biri olduğunu xatırladan Bernar Kuşner uzun sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tezliklə həll ediləcəyinə ümidvar olduğunu bildirmişdir.