FRANSADA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILMIŞDIR
Bir çox ölkələrdə olduğu kimi, Fransada da 20 Yanvar faciəsinin 15-ci ildönümü qeyd edilmişdir. Ölkəmizin Parisdəki səfirliyinin əməkdaşları, diasporun nümayəndələri və ali məktəblərdə təhsil alan tələbələrimiz həyatlarını xalqımızın azadlığına həsr etmiş, Versal sülh konfransının iştirakçısı olmuş, lakin vətəndən uzaqda, Parisin Sən-Klu, Monparnas və Bobini qəbiristanlarında dəfn edilmiş Azərbaycan Demokratik Cümhuriyyətinin tanınmış liderlərindən ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun, “Azərbaycan” qəzetinin o dövrdəki baş redaktoru vəzifəsində çalışmış Ceyhun Hacıbəylinin, habelə Əkbər ağa Şeyxülislamovun qəbirlərini ziyarət etmiş, məzarlarının önünə çiçək dəstələri qoymuşlar.
Azərbaycan diasporunun qocaman nümayəndəsi Qədir Suleyman doğma Vətəndən uzaqda uyuyan soydaşlarımızla bağlı xatirələrini danışmışdır.
20 Yanvar faciəsi ilə bağlı səfirlik tərəfindən hazırlanmış mətbuat açıqlaması Fransanın dövlət orqanlarına və müxtəlif təsisatlarına, xarici ölkələrin Parisdəki səfirliklərinə göndərilmişdir.
X X X
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nümayəndəlik 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə bağlı Strasburqda geniş mərasim keçirmişdir.
Mərasimi açmış nümayəndəliyin rəhbəri səfir Aqşin Mehdiyev 15 il öncə ölkəmizə qarşı törədilmiş qanlı aksiya qurbanlarının xalqımızın yaddaşında əbədi yaşadığını, 20 Yanvarın tariximizdə təkcə faciə kimi deyil, həm də müstəqillik uğrunda qəhrəmanlıq və şücaət günü kimi qaldığını vurğulamışdır.
Mərasim iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş və onların ruhuna dua oxumuşlar.
Daimi nümayəndəliyimizin yerləşdiyi binanın qarşısında dalğalanan üçrəngli bayrağımız Qanlı Yanvar faciəsinin 15-ci ildönümü ilə əlaqədar endirilmişdir. Nümayəndəlik, həmçinin, xalqımıza qarşı törədilmiş bu qanlı cinayətin mahiyyətinin açıqlandığı mətbuat sənədi hazırlayaraq, Strasburqda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərə, Avropa Şurasının katibliyinə paylamışdır.
Mərasimdə, daimi nümayəndəliyin əməkdaşları ilə yanaşı, Konstitusiya Məhkəməsinin sədri F.Abdullayevin rəhbərliyi ilə Strasburqda səfərdə olan nümayəndə heyətinin üzvləri də iştirak etmişlər.
Həmin gün Strasburqda təhsil alan azərbaycanlı tələbələr də 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə bağlı tədbir keçirmişlər.
Tədbirin sonunda Qanlı Yanvar faciəsini əks etdirən sənədli film göstərilmişdir.
Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, xarici qonaqlar da tədbirdə iştirak etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris