Fransada özünütəcrid rejiminə riayət etmək üçün yeni rəqəmsal sertifikat tətbiq olunacaq
Paris, 3 aprel, AZƏRTAC
Fransada koronavirusla bağlı özünütəcrid rejimi zamanı evdən çıxmaq üçün Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış sertifikatlar artıq rəqəmsal formada istifadə olunacaq.
AZƏRTAC xəbər verir ki, aprelin 6-dan Fransada özünütəcrid rejimi zamanı evdən çıxmaq üçün tələb olunan sertifikatlar mobil telefonlara yüklənəcək.
Bununla bağlı məlumat yayan Fransanın Daxili İşlər Nazirliyi yeni rəqəmsal sertifikatların xüsusi kodunun olacağını, beləliklə, insanlara nəzarətin daha səmərəli şəkildə həyata keçiriləcəyini qeyd edib.
Qeyd edək ki, Fransada özünütəcrid rejiminin tətbiqinin ilk günlərindən Daxili İşlər Nazirliyi insanların zəruri hallarda evdən çıxmaları üçün xüsusi sertifikatlar hazırlamışdı. İnsanlar evdən çıxmaq zərurətini əsaslandırmaq üçün Daxili İşlər Nazirliyinin saytından həmin sertifikatların surətini çap edərək lazımi xananı doldurub imzalayırdılar. Lakin bəzi insanların bu qaydaya riayət etmədiyi və sui-istifadə hallarına yol verdiyi üçün nazirlik yeni rəqəmsal sertifikat hazırlayıb. Yeni sertifikatlar kodla istifadə olunacaq. Hesab edilir ki, bununla insanların zəruri hallarda evdən çıxmalarına daha səmərəli nəzarət olunacaq.
Daxili İşlər naziri Kristof Kastaner bildirib ki, yeni rəqəmsal sertifikat dələduzluğa qarşı mübarizəyə də kömək edəcək. Yeni rəqəmsal sertifikat açılıb doldurulan zaman artıq bu məlumat polisdə olan xüsusi aparatda öz əksini tapacaq. Beləliklə, polis mobil telefonun ekranında xüsusi aparatla kodu skan edərək şəxs haqqında bütün məlumatlara malik olacaq.
Yeni rəqəmsal sertifikatla polis əməkdaşı heç bir sənədə toxunmadığına görə onun öz təhlükəsizliyi də təmin olunacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris