DÜNYA
Fransada pensiya haqqında qanun layihəsi Milli Assambleyada müzakirə olunmadan da qəbul edilə bilər
Paris, 11 fevral, AZƏRTAC
Fransada pensiya islahatı layihəsinə qarşı etiraz nümayişlərinə baxmayaraq, qanun layihəsi baxılmaq üçün Milli Assambleyada bu məqsədlə yaradılmış xüsusi komissiyaya təqdim olunub.
AZƏRTAC xəbər verir ki, müxalif partiyalar tərəfindən 22 min dəyişiklik təklif olunmuş 65 maddəli qanun layihəsinə Milli Assambleyanın xüsusi komissiyası tərəfindən 9 gün ərzində baxılmalı idi.
Assambleyada ilk 5 gün ərzində qanun layihəsinin yalnız 17 maddəsi qəbul edilib, 3 min 800 dəyişiklik nəzərdən keçirilib və onlardan 2 min 500-ü qəbuledilməz hesab olunub.
Qanun layihəsi üzərində işləyən xüsusi komissiyanın üzvləri fasiləsiz işləməkdən üzüldüklərini bildiriblər. Onlar təhqirə məruz qaldıqlarını deyərək, qanun layihəsinə mane olmaq üçün 22 min dəyişiklik irəli sürülməsinin iş metodu olmadığını diqqətə çatdırıblar. Qarşıdan gələn 4 gün ərzində xüsusi komissiya hələ 15 min dəyişikliyə baxmalıdır.
Xatırladaq ki, qanun layihəsi fevralın 17-də Assambleyada müzakirəyə çıxarılmalıdır. Baş Nazir Eduard Filip bildirib ki, belə bir strategiya Konstitusiyanın 49 maddəsinin 3-cü bəndi əsasında qanun layihəsini müzakirə olunmadan səsverməyə təqdim etməklə nəticələnə bilər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris