İQTİSADİYYAT
Fransanın “Areva” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərini xatırladan Əli Abbasov bu gəlişin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinə xidmət etdiyini bildirib. Eyni zamanda, Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı Fransa Prezidentinin nüvə enerjisi və bərpa olunan enerji sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarına toxunduğunu bir daha diqqətə çatdırıb.
Azərbaycanda nüvə texnologiyalarının inkişaf etdirilməsi, nüvə energetikası üzrə tədqiqatların aparılması planlarından söz açan nazir Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin gələcək fəaliyyətində nüvə enerjisinin dinc məqsədlərlə istifadə ediləcəyini qeyd edib. O, artıq bu sahədə BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi, Avropa Nüvə Tədqiqatları Mərkəzi ilə əməkdaşlığa başlandığını nəzərə çatdırıb və ölkəmizdə tədqiqat nüvə reaktorunun qurulmasının planlaşdırıldığını diqqətə çatdırıb.
Nümayəndə heyətinin rəhbəri, “Areva”nın Mərkəzi Asiya və Türkiyə nümayəndəliyinin sədri Abbas Cəlali Cəfəri “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin əməkdaşları üçün müxtəlif istiqamətlər üzrə təlimlərin təşkili, tənzimlənmənin qurulması və s. kimi işlərə başlamağın vacibliyini vurğulayıb.
Sonda maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək işlərin sürətləndirilməsi və fəallığın daha da artırılması qərara alınıb.