Futvolleyçilərimiz “Moscow Futvolley Open” turnirində iştirak ediblər
Bakı, 30 avqust, AZƏRTAC
Moskvada təşkil olunan futvolley üzrə açıq beynəlxalq turnirdə Azərbaycan yığması da iştirak edib.
Azərbaycan Futvolley Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komandamızı Fəyyar Hüseynov və Namiq İsgəndərov təmsil ediblər.
“Moscow Futvolley Open” turnirində 10 komanda iki qrupda mübarizə aparıb. Dörd oyun keçirən yığmamız Konqo və Rusiya-1 komandalarına qalib gəlib, İsrail və Rusiya-2 kollektivlərinə isə məğlub olaraq qrupda üçüncü yeri tutub. Beləliklə, futvolleyçilərimiz yarışda mübarizəni dayandırıblar.
Qeyd edək ki, finalda İsrail və Rusiya-1 komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə İsrail seçməsi çempion adını qazanıb.