“FÜYUZAT” MƏCMUƏSİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Əli bəy Hüseynzadənin mühərrirliyi və Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti ilə 1906-1907-ci illərdə nəşr olunmuş “Füyuzat” məcmuəsinin “Molla Nəsrəddin” jurnalı ilə birlikdə XX əsrin əvvəllərində Azərbaycan ictimaiyyətinə güclü təsir edən, onların fikrini formalaşdıran mətbu qanadlardan biri olduğunu söyləmişdir. Bildirilmişdir ki, indiyədək Əli bəy Hüseynzadənin “Siyasəte-fürusət”, “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, “Türklər kimdir və kimlərdən ibarətdir” və “Qərbin iki dastanında türk” əsərlərini də transliterasiya yolu ilə nəşr etdirən O.Bayramlının gərgin əməyi sayəsində mədəniyyətimizin böyük bir səhifəsini özümüz üçün yenidən kəşf etmişik.
Akademik Bəkir Nəbiyev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, filologiya elmləri doktoru Şamil Vəliyev və başqaları XX əsrin əvvəllərində Azərbaycan və bütün türk xalqlarının ictimai-siyasi və ədəbi fikrinin möhtəşəm abidəsi olmuş bu məcmuənin öz mövqeyini indiyədək də qoruyub saxladığını, Əli bəy Hüseynzadə yaradıcılığının yorulmaz tədqiqatçısı olan müəllifin üzərində iki il işlədiyi kitabın bütün fonetik prinsiplərini gözlədiyini diqqətə çarpdırmış, keçmiş SSRİ dövründə öz layiqli qiymətini tapmayan jurnalın türkçülüklə sıx bağlı olduğunu, ümumtürk düşüncəsinin formalaşmasında xüsusi rol oynadığını vurğulamışlar.
Sonda Ofelya Bayramlı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.