Füzuli Musayev: FHN əməkdaşları beynəlxalq turnirlərdə də yaxşı nəticələr əldə edirlər
Bakı, 20 oktyabr, AZƏRTAC
“FHN əməkdaşları arasında il ərzində 8 idman növü üzrə yarışlar təşkil olunur. Bu il yarışların hər biri Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev FHN qurumları arasında keçirilən voleybol çempionatının final oyunundan öncə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, FHN əməkdaşları arasında cari ildə keçirilən yeddinci yarışdır: "Voleybol hər kəs tərəfindən çox sevilən idman növüdür. Hətta bizim əməkdaşlarımız arasında voleybolla peşəkar şəkildə məşğul olan oyunçular var. Bu il çimərlik voleybolu üzrə avrokuboklarda Azərbaycan komandası qələbə qazandı. Sevindirici haldır ki, bu komandanın tərkibində FHN-in bir neçə əməkdaşı da iştirak edib. Əməkdaşlarımız nəinki daxili yarışlarda, beynəlxalq turnirlərdə də yaxşı nəticələr əldə edirlər”.
F.Musayev dörd gün davam edən voleybol yarışında 15 komandanın mübarizə apardığını söyləyib: "Final görüşləri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları arasında gedir. 150-dən çox əməkdaşımız bu yarışa qatılıb. Turnirin təşkilində əsas məqsəd əməkdaşların asudə vaxtlarını daha səmərəli keçirmələrinə şərait yaratmaqdır. Növbəti yarışımız isə güləş üzrə olacaq. Bu, bizim ənənəvi idman növümüzdür. Elə bu yarışla da ili yekunlaşdıracağıq".