REGİONLAR
GDU-da narkotikin insan orqanizminə və sağlamlığına vurduğu zərərlərdən danışılıb
Gəncə, 19 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) Fizika və texniki fənlər, eləcə də Pedaqoji fakültəsində “Dünyanı cənginə alan narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva narkotiklərin insan orqanizminə, sağlamlığa vurduğu zərərlərdən, ümumilikdə, cəmiyyətdə törətdiyi sosial bəlalardan, gənclərin zərərli vərdişlərdən qorunması, vətənpərvər ruhda böyüməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan və Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş yeni 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramından söhbət açıb. Narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığını, hazırda ciddi qlobal problemə çevrildiyini, narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdiklərini diqqətə çatdırıb.
Daha sonra Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova “Narkomaniya sosial–psixoloji problemdir”, Fizika kafedrasının dosenti Rasim Hüseynov “Narkomaniya XXI əsrin bəlasıdır”, Təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi Əsmər Şərifova “Dünyanı cənginə alan narkomaniyaya yox deyək”, Fizika və texniki fənlər fakültəsinin III kurs tələbəsi Zemfira Quliyeva “Ağ ölümdən uzaq duraq”, Pedaqoji fakültənin III kurs tələbəsi Almaz Qasımov “Sağlam cəmiyyət sağlam gələcək deməkdir” mövzularında çıxış ediblər.
Tədbirdə narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və onun yayılmasının qarşısının alınmasından danışılıb. Gənc nəslin sağlamlığının qorunması istiqamətində fikirlər irəli sürülüb.
Sonda narkotik vasitələrin yaratdığı fəsadlardan bəhs edən videoçarx nümayiş olunub.