Gənc alimlər şagirdlərin elmi məruzələrini yüksək qiymətləndiriblər
Bakı, 27 aprel, AZƏRTAC
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Kiçik akademiya”larla əməkdaşlıq çərçivəsində 246 nömrəli məktəb-liseydə kimya fənninə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, əsas məqsəd məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik akademiya”nın fəaliyyəti ilə daha yaxından tanış olmaq, elm və təhsilin inteqrasiyasına töhfə vermək, istedadlı gəncləri elmə həvəsləndirmək olub.
Məktəbin direktoru Elmar Həşimov şura üzvlərinə “Kiçik akademiya”nın fəaliyyəti barədə ətraflı məlumat verib.
“Kiçik akademiya”nın rəhbəri, məktəbin tarix müəllimi Şücaət Qafarova istedadlı şagirdləri və onların mövzularını təqdim edib. VII-VIII sinif şagirdlərinin “Turşu yağışları”, “Yod”, “Plastik qablaşdırma tullantıları”, “Su hövzələri və onların çirklənməsi” mövzularında elmi məruzələri dinlənilib.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Nigar İbrahimova şagirdlərin məruzələrini yüksək qiymətləndirib. O, elm və təhsilin vəhdəti baxımından bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Gənc alimlər elmə həvəsi olan şagirdlərə hər zaman dəstək olacaqlarını bildiriblər.