Gənc arxeoloqlar Türkiyədə təcrübə proqramında iştirak ediblər
Bakı, 2 sentyabr AZƏRTAC
Türkiyənin Gaziantep şəhərində Türk Arxeologiya və Mədəni İrs İnstitutu tərəfindən təşkil olunan gənc arxeoloq və tələbələrin iştirakı ilə arxeoloji təcrübə proqramı təşkil edilib.
Bu barədə AZƏRTAC-a AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan bildirilib. Qeyd olunub ki, institutun elmi işçiləri İlahə Nəhmətova, Nigar Mustafayeva, Pəri Ağayeva və doktorant Aqil Əliyev təcrübə proqramında iştirak ediblər.
Proqramda Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan gənc arxeoloq və tələbələr də yer alıblar. Beynəlxalq formatda təşkil olunan proqram iştirakçılara arxeoloji sahədə praktiki bilik və təcrübə qazanmaq, müxtəlif ölkələrdən olan həmkarları ilə fikir və təcrübə mübadiləsi aparmaq, eləcə də ortaq tarixi-mədəni irsin öyrənilməsi istiqamətində yeni əlaqələr qurmaq imkanı yaradıb. Proqram çərçivəsində iştirakçılar arxeoloji sahə təcrübəsi ilə yanaşı, Anadolu coğrafiyasının zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar. İştirakçılar Gaziantep, Şanlıurfa və Kilis şəhərlərində yerləşən müxtəlif arxeoloji muzeyləri, tarixi abidələri ziyarət ediblər və onlara sərgilənən mühüm mədəni irs nümunələri barədə məlumatlar verilib. Bu səfərlər regionun minilliklərə söykənən sivilizasiya tarixinin, arxeoloji irsinin və mədəni müxtəlifliyinin daha yaxından öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Tədbirin sonunda Türk Arxeologiya və Mədəni İrs İnstitutunun direktoru professor Şaban Doğan proqram iştirakçılarına, o cümlədən azərbaycanlı arxeoloqlara sertifikatlar təqdim edib. Proqram müxtəlif ölkələrdən olan gənc tədqiqatçılar arasında elmi və peşəkar əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub. Eyni zamanda, beynəlxalq tədbir Azərbaycan və Mərkəzi Asiya ölkələrindən olan gənc arxeoloqların Türkiyənin elmi və mədəni mühiti ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə şərait yaradıb. Gaziantepdə keçirilən bu təcrübə proqramı gənc arxeoloqların peşəkar inkişafına, beynəlxalq təcrübə mübadiləsinə və regionun ortaq arxeoloji-mədəni irsinin öyrənilməsinə töhfə verən mühüm təşəbbüslərdən biri kimi yadda qalıb.