Gənc bioloqların qış məktəbinin açılışı olub
Bakı, 27 fevral, P.İmanova, AZƏRTAC
Fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Gənc bioloqların qış məktəbi-2019” fəaliyyətə başlayıb. AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təşkil olunan qış məktəbi biologiya və tibb elmləri sahəsində tədqiqat aparan gənc alim və mütəxəssislər, həmçinin magistrant, doktorant və dissertantlar üçün nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov ölkəmizdə gənclərin elmə və elmi işlərə cəlb olunması üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, akademiyada müxtəlif sahələr üzrə bu cür məktəblərin təşkili gənclərin elmə cəlb olunmasına xidmət edir. Builki qış məktəbinin biologiya elminə həsr olunması müasir dövrdə müvafiq sahənin müxtəlif istiqamətlərdə inkişaf etməsinin nəticəsidir. Son dövrlərdə biologiya elmi sürətlə inkişaf edir və bu sahədə çoxlu uğurlu nəticələrə nail olunub. Multidissiplinar tədqiqat işlərinin aparılması nəticəsində molekulyar biologiya, biotexnologiya, genetika, biotibb və digər elm sahələri yaranıb. Molekulyar biologiya, biotexnologiyalar sahəsində əldə olunan nəticələr bır sıra elm sahələrinə sirayət etməyə başlayıb. Bu gün qeyd olunan sahələrdə fundamental elmi tədqiqat işləri aparılır.
Akademik deyib: “Qış məktəbinin proqramından məlum olur ki, gənc alimlər biologiya, tibb və digər sahələr üzrə maraqlı məruzələr hazırlayıblar. Bu cür məktəblərin təşkili elmin və gənclərin inkişafına mühüm töhfə verir, onlarda elmi diskussiya mədəniyyətini formalaşdırır”.
Əhliman Əmiraslanov qeyd edib ki, akademik Cəlal Əliyevin rəhbərliyi ilə müvafiq şöbənin nəzdində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılıb, görkəmli alim daim gənclərin elmə cəlb olunmasına böyük dəstək göstərib. Vurğulanıb ki, bu gün institutda həmin ənənə uğurla davam etdirilir.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova ölkəmizdə savadlı, yüksəkixtisaslı gənclərin yetişməsində, onların elmə cəlb olunmasında və potensiallarının üzə çıxarılmasında yaradılan şəraitdən söz açıb. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasəti bu gün dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Müasir dövrdə gənclərimiz müxtəlif beynəlxalq konfranslarda, bir sıra nüfuzlu tədbirlərdə məruzələrlə çıxış edirlər.
Bildirilib ki, AMEA-da magistratura təhsilinin tətbiq olunması, gənclərin xarici ölkələrə ezamiyyətə göndərilməsi və elmə cəlb edilməsi üçün müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi onların inkişafına göstərilən diqqət və qayğının nəticəsidir.
İradə Hüseynova müəllimi görkəmli alim Cəlal Əliyevin hər zaman gənclərə böyük diqqət və qayğı ilə yanaşdığını, onların müxtəlif sahələrdə elmə cəlb edilməsinə böyük dəstək verdiyini söyləyib.
Akademiklər Məmməd Salmanov, Validə Əlizadə və digər çıxış edənlər gənclərin hər zaman cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib, qış məktəbinin iştirakçılarına uğurlar arzulayıblar. Alimlər gənc tədqiqatçılara vaxtlarını səmərəli keçirib daim elmlə məşğul olmağı tövsiyə ediblər. Bildirilib ki, Azərbaycan gəncliyi gələcəkdə müxtəlif sahələr üzrə fundamental elmi tədqiqatlar aparmaqla böyük uğurlara imza atacaqlar.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov nəzərə çatdırıb ki, üç gün davam edəcək qış məktəbində gənc bioloqlar müxtəlif formatlı elmi disputlar aparacaq, biologiya və tibb elmlərinin mütərəqqi prioritetlərinə dair biliklərini təkmilləşdirəcəklər.
Sonra akademik İradə Hüseynova “Molekulyar biologiyadan müasir kənd təsərrüfatına və tibbə doğru: problemlərə yeni baxış” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə bölməyə daxil olan elmi müəssisələrdə aparılan tədqiqatlar, eləcə də həmin təşkilatlarda fəaliyyət göstərən beynəlxalq qruplar ilə müştərək yerinə yetirilən araşdırmaların nəticələri müzakirə edilib.