Gəncə Avtomobil Zavodunun kollektivi qanvermə aksiyasında iştirak edib
Gəncə, 17 aprel, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına “Qan ver, yaşat” şüarı ilə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi də qoşulub.
Gəncə Avtomobil Zavodunun Mətbuat katibi Məqsəd Rəhimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, zavod karantin rejimində fəaliyyətini davam etdirən müəssisələrdən olduğuna görə sağlamlığı imkan verən kollektiv üzvləri irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə aksiyada hissə-hissə iştirak edəcəklər.
Mərkəzi Qan Bankının Gəncə bölməsində həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən olunub və hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürülüb. Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.