“GƏNCƏ REGİONAL ENERJİ TƏCHİZATI” MÜƏSSİSƏSİNİN KEÇİRDİYİ REYDLƏR NƏTİCƏSİNDƏ ÖDƏNİŞ SƏVİYYƏSİ YÜKSƏLİR
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Gəncə Regional Enerji Təchizatı” müəssisəsi tərəfindən həyata keçirilən reydlər enerji haqqının ödənilməsinə mühüm təsir göstərir.
Müəssisə tərəfindən müəyyən edilmiş ödəmədən yayınan və sayğaclara müdaxilə edən istehlakçılar barəsində ciddi tədbirlər həyata keçirilir. Belə ki, onlar barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə aktlar tərtib edilir, itirilmiş elektrik enerjisinin istehlak dəyəri müvafiq qaydada hesablanaraq bərpa edilir və həmin məbləğ ödənilənədək qanunvericiliyə uyğun tədbirlər görülür.
Cari ilin iyulunda 160 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını (iyunda bu göstərici 174 olub) pozması faktı aşkar edilərək 1,1 milyon kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Ötən aylardan qalan debitor borcları da nəzərə alınmaqla, ödəniş 133 faizdən artıq olmuşdur.
2008-ci ilin 7 ayı ərzində 1.350-yə yaxın oxşar fakt qeydə alınaraq 10,6 milyon kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 637 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. İtirilmiş elektrik enerjisinin dəyərinin 64 faizə yaxın hissəsi artıq ödənilmiş, qalan məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Müəssisənin xidməti ərazilərində xətt və avadanlıqda istismar səviyyəsinin daha da yüksəldilməsi, istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə yenidənqurma və təmir-tikinti işləri də həyata keçirilir. Bu məqsədlə cari ilin 7 ayı ərzində 290 kilometrə yaxın müxtəlif gərginlikli elektrik xətləri çəkilmiş, 3.600-ə yaxın dayaq dəyişdirilmiş, digər təmir işləri aparılaraq 15 ədəd yeni transformator quraşdırılmış, eyni zamanda 230 ədəd transformator təmir edilmişdir.
Cari ilin növbəti aylarında bu işlər davam etdiriləcək və 260 kilometrdən artıq müxtəlif gərginlikli elektrik xətlərinin və 250-yə yaxın transformator məntəqəsinin yenidən qurulması nəzərdə tutulmuşdur.