GƏNCƏ ŞƏHƏRİNDƏ “ÖZƏLLƏŞDİRMƏ METODLARI VƏ ALƏTLƏRİ ÜZRƏ BEYNƏLXALQ TƏCRÜBƏ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi özəlləşdirmə sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi, habelə beynəlxalq qurumlarla əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
AZƏRTAC xəbər verir ki, qurum Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə birgə Gəncə şəhərində «Özəlləşdirmə metodları və alətləri üzrə beynəlxalq təcrübə» mövzusunda seminar keçirmişdir. Seminarda komitənin həmin region üzrə ərazi şöbələrinin mütəxəssisləri iştirak etmişlər.
Almaniyalı ekspertlər inkişaf etmiş Avropa ölkələrinin özəlləşdirmə təcrübələri, bu ölkələrdə tətbiq edilən özəlləşdirmə metodları və üsulları barədə geniş məruzələrlə çıxış etmişlər. Seminar çərçivəsində inkişaf etmiş ölkələrdə həyata keçirilən özəlləşdirmə prosesinin nəticələri, əldə edilmiş uğurlar, bu prosesin müxtəlif ölkələrin iqtisadiyyatına göstərdiyi təsir barədə məlumat verilmişdir. Habelə beynəlxalq təcrübəyə əsaslanaraq potensial investorların dəyərləndirilməsi və seçilməsi, dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi kimi məsələlərə də toxunulmuşdur. Özəlləşdirmədə xarici investisiyalar, özəlləşdirmədən sonra investisiya qoyuluşları üzrə monitorinqlərin keçirilməsində inkişaf etmiş ölkələrin təcrübələri də öyrənilmişdir.
Əcnəbi mütəxəssislər özəlləşdirmənin üsulları kimi hərracların, tenderlərin, investisiya müsabiqələrinin keçirilmə xüsusiyyətləri barədə məlumat vermişlər.
Seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və diskussiyalar aparılmışdır. İştirakçılara sertifikatlar verilmişdir.
Xatırladaq ki, belə seminarlar artıq Bakı, Şəki, Lənkəran və Şirvan şəhərlərində keçirilmişdir.