Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olunub
Bakı, 21 aprel, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Kəlbəcər rayon sakini Malik Mamedov sürücülük hüququ olmadan idarə etdiyi “ZAZ 968” markalı avtomobillə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edərək və bu hərəkətləri videogörüntüyə alaraq müxtəlif sosial şəbəkələrdə yerləşdirib.
M.Mamedov barəsində Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.Mamedov 15 gün müddətə inzibati qaydada həbs edilib.