REGİONLAR
Gəncədə Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib
Gəncə, 20 sentyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Gəncədə 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə şəhər icra hakimiyyəti və YAP Gəncə şəhər təşkilatı tərəfindən tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə Gəncədə Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub, şəhidlərin ruhuna hörmət və ehtiram ifadə olunub.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılan antiterror tədbirlərindən söz açıb. Bildirib ki, cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan, suverenliyimizin tam bərpası ilə yekunlaşan, separatizmə son qoyan lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. Qürurvericidir ki, bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov antiterror tədbirlərinin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə əsasən, mülki əhaliyə zərər yetirilmədən, mülki obyektlər hədəf alınmadan icra edildiyinə, bunun Ordumuzun yüksək peşəkarlığından xəbər verdiyinə diqqət çəkib.
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Rəşad Məmmədovun anası Rəfiqə Süleymanova və Vətən müharibəsi qazisi Həsən Fəttah qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzün, suverenliyimizin xalqımızın milli sərvəti olduğunu bildirib, 20 sentyabr tarixinin Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilməsinin qürurunu yaşadıqlarını dilə gətiriblər. Həmçinin şəhid ailələrinə və qazilərə hər zaman göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Çıxışlarda ərazi bütövlüyünü tam bərpa edən suveren Azərbaycanın uğurlarının hələ irəlidə olduğu da diqqətə çatdırılıb.
Tədbir Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının sədaları altında başa çatıb.