Gəncədə karantin rejimini pozan çay evi aşkarlanıb
Bakı, 4 yanvar, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi xüsusi karantin rejim qaydalarına riayət olunması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları şəhərin Nizami rayon ərazisində gizli fəaliyyət göstərən çay evi aşkarlayıblar. Obyektin icarədarı Xəyal Yəhyayev və müştərilər saxlanılaraq Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə gətirilib. Polis İdarəsində həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, koronavirus infeksiyası və xüsusi karantin rejiminin tələbləri barədə məlumat verilib.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) əsasən, X.Yəhyayev hüquqi şəxs, müştərilər isə fiziki şəxs qismində cərimələniblər.