Gəncədə keçirilən “Heydər Əliyev məktəbi” layihəsi başa çatıb









Gəncə, 23 may, Elcan Məmmədov, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Ulu Öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil olunan “Heydər Əliyev məktəbi” adlı layihə başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihədə dinləyici qismində Gəncə Dövlət, Azərbaycan Texnologiya və Azərbaycan Dövlət Aqrar universitetləri, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin gənc əməkdaşları olmaqla, ümumilikdə, 45 nəfər iştirak edib. Beş gün davam edən “Heydər Əliyev məktəbi” adlı layihədə iştirakçılarla görüşlər təşkil olunub, müxtəlif mövzularda seminarlar keçirilib.
Seminarlarda bildirilib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifahının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik misilsiz işlər görülüb. Seminarlarda o da vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərir.
Sonda iştirakçılar diplomla təltif olunublar.