CƏMİYYƏT
Gəncəlilər Aşura günündə keçirilən qanvermə aksiyasında fəallıqla iştirak etmişlər
Gəncə, 6 dekabr (AZƏRTAC). Dekabrın 6-da Gəncə və ətraf rayonlardan olan sakinlər müsəlman dünyasının tarixinə ən acı, eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin ildönümünü şəhərdəki İmamzadə ziyarətgahında qeyd etmişlər.
Həmin gün Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərləri ictimaiyyət nümayəndələri ilə birgə ziyarətgahda olmuş, Aşura mərasiminin keçirilməsi ilə bağlı yaradılmış şəraitlə maraqlanmış və sakinlərlə söhbətlər aparmışlar. Ziyarətgaha gələn insanlar burada yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişlər.
Gün ərzində şəhər səhiyyə idarəsinin kollektivi əhaliyə yüksək səviyyədə xidmət göstərmişdir. İdarə tərəfindən ayrılmış təcili tibbi yardım avtomaşınları və yüksək ixtisaslı həkimlər onlara müraciət edənlərə lazımi köməklik göstərmişlər.
Aşura günündə qan vermək istəyənlər üçün də lazımi şərait yaradılmışdır. Bu xeyirxah aksiya zamanı yüzlərlə insan irsi qan xəstəliyindən əziyyət çəkənlər üçün təmənnasız donorluq etmişdir.
Dekabrın 6-da B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı Gəncə bölməsinin qarşısı böyük izdiham içərisində olmuşdur. Şəhərin idarə, müəssisə, ali və orta ixtisas məktəblərinin kollektivləri öz vətəndaşlıq borcunu yerinə yetirmək üçün burada növbəyə dayanmışdırlar.
Bölmənin müdiri Tahirə Məmmədovanın AZƏRTAC-a verdiyi məlumata görə, saat 14-dək artıq 200 nəfərdən artıq şəhər sakini irsi qan xəstələri üçün təmənnasız olaraq qan vermişdilər.