“Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsi yekunlaşıb
Bakı, 1 may, AZƏRTAC
Gənc Mühasiblər İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsini yekunlaşdırıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir. Bu məqsədlə Şəki şəhəri və Qəbələ rayonunda mühasibatlıq və karyera ilə bağlı təlimlər keçirilib.
Layihənin sonunda Bakı Konqres Mərkəzində Milli Mühasiblər Forumu "Mühasiblik peşəsinin müasir dövrdəki vəziyyəti və gələcəkdəki perspektivləri" mövzusunda II panel görüşü keçirilib. Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb.
Forumda ümumilikdə 3 paneldən ibarət olub - Mühasiblik peşəsinin təhsildəki mövcud vəziyyəti, Mühasiblik peşəsinin müasir dövrdəki vəziyyəti və gələcəkdəki perspektivləri, Mühasiblərin karyera və iş imkanları, mövcud çətinliklər və həll yolları.
Hər üç paneldə iştirakçılar öz panel spikerlərinə öz suallarını ünvanlayaraq onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.