GƏNCLƏR HƏRBİ HİSSƏDƏ OLMUŞLAR
Rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərov hərbçiləri bayram münasibətilə təbrik edərək, Xalq Cümhuriyyətinin yaranma tarixindən, onun süqutunun səbəblərindən danışmışdır. O, müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin qurulmasında və inkişafında, onun beynəlxalq aləmdə tanınmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini, dahi rəhbərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır.
Hərbi hissənin komandiri 1-ci dərəcəli kapitan Rza Rzayev onun tarixi, qarşısında duran vəzifələr, fəaliyyət istiqamətləri, xidmətin təşkili haqqında ətraflı məlumat vermiş, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissələrindən olan Dövlət Sərhəd Xidmətinin təkmilləşdirilməsinə, professional hazırlığının yüksəldilməsinə daim diqqət və qayğı göstərdiyini nəzərə çarpdırmışdır.
Bildirilmişdir ki, gənclərdə vətənpərvərlik hissini yüksəltmək, onlarda hərbi xidmətə marağı daha da artırmaq üçün belə tədbirlər tez-tez təşkil olunur.
Gənclər sahil mühafizəsində istifadə edilən silah və texnika ilə, gəmilərlə, eləcə də əsgər yataqxanası ilə tanış olmuşlar.
Görüşdə müxtəlif gənclər təşkilatlarının nümayəndələri, tələbələr və orta məktəb şagirdləri iştirak etmişlər.
Tədbirin sonunda tanınmış müğənnilərin iştirakı ilə bayram konserti olmuşdur.