GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRİ ƏBÜLFƏZ QARAYEVİN ÇIXIŞI
- Möhtərəm cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Son illər xarici ölkələrlə turist mübadiləsinin genişlənməsi, respublikamızda turizm şirkətlərinin və mehmanxanaların sayının artması, ölkəmizdə turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi Azərbaycanın dünya turizm bazarına inteqrasiyası istiqamətində görülən ardıcıl işlərdəndir. Sözün əsil mənasında demək olar ki, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanı beynəlxalq səviyyəli turizm məkanına çevirmək siyasəti hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir və ümummilli liderimizin bu arzusu, istəkləri, tövsiyələri gerçəkləşdirilir.
Respublikada sahibkarlığın inkişafına yönəlmiş tədbirlər digər sahələrlə yanaşı, turizm sektorunda çalışan iş adamlarında da stimul yaratmışdır. Nəticədə Bakı şəhərində, respublikanın regionlarında beynəlxalq standartlara uyğun mehmanxana və turist istirahət mərkəzləri tikilmiş, istifadəyə verilmişdir. Xatırlatmaq istəyirəm ki, 2001-ci ildə ölkəmizdə 149 mehmanxana var idisə, indi Azərbaycanda 242 mehmanxana və ona bərabər obyektlər mövcuddur. Azərbaycana gələn turistlərin sayı tədricən artır. 2002-ci ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayı 834 min idisə, 2003-cü ildə 1 milyon 13 min nəfər, 2004-cü ildə isə 1 milyon 348 min nəfər təşkil etmişdir. Bu ilin altı ayında Azərbaycana 677 mindən artıq xarici vətəndaş gəlmişdir. Turistlərə gəldikdə isə, onların sayı 2002-ci ildə 428 min, 2003-cü ildə 629 min, 2004-cü ildə 855 min nəfər olmuşdur.
Mehmanxanaların xidmət səviyyəsinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi məqsədi ilə hörmətli Prezidentin tapşırığı və Nazirlər Kabinetinin qərarı ilə “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması”nın keçirilməsi qaydaları təsdiq edilmişdir. Bu qaydalara uyğun olaraq, Azərbaycanda mehmanxanaların təsnifatı aparılır. İndiyə qədər Bakı şəhərində 14, digər şəhər və rayonlarda 7 mehmanxana təsnifatdan keçmiş və göstərdikləri xidmətə uyğun dərəcələr almışdır.
Hörmətli cənab Prezident!
“Excelsior”un açılış mərasimindən öncə müvafiq qaydalara uyğun olaraq, ekspert qrupumuz hotelin fəaliyyəti və gələcək xidmətləri ilə tanış olmuş, tikintiyə və göstərilən xidmətlərə olduqca yüksək qiymət vermişdir. Müstəsna hal kimi, ekspert qrupunun təklifi ilə “Excelsior” hotelinə 5+ ulduz dərəcəsinin təqdim olunması qərara alınmışdır. İcazənizlə, mən bu sertifikatı və 5+ ulduz lövhəsini hotelin rəhbərliyinə təqdim edərdim. Bütün gələcək turistlərin və Azərbaycanın vətəndaşlarının adından turizm sahəsində işləyən insanlara böyük uğurlar diləyirəm. Diqqətinizə görə çox sağ olun.