GƏNCLƏR SİYASƏTİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA PROTOKOL İMZALANMIŞDIR
Aprelin 7-də Gənclər, İdman və Turizm Nazirliyi ilə Özbəkistanın “Kamolot” ictimai gənclər hərəkatı arasında 2004-2005-ci illər üçün əməkdaşlıq haqqında protokol imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən nazir müavini İntiqam Babayev, Özbəkistan tərəfdən isə “Kamolot” hərəkatı Mərkəzi Şurası sədrinin müavini Ənvər Bozorov imzalamışlar.
Sənəddə ölkələrimizdə gənclər günlərinin, gənc rəssam və fotoqrafların sərgilərinin keçirilməsi, yay istirahət düşərgələrinin, məşğələlərin və konfransların təşkili nəzərdə tutulmuşdur.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev mərasimdə çıxış edərək bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin Özbəkistana rəsmi səfəri zamanı əməkdaşlığın genişlənməsi üçün möhkəm təməl qoyulması və onun Prezident İslam Kərimovla danışıqları gənclərimiz arasında daha sıx əlaqələr yaradılmasına, onların bir-birlərini yaxından tanımalarına imkan verəcəkdir.