Gənclər üçün Avropa yay məktəbi təşkil ediləcək
Bakı, 12 iyun, AZƏRTAC
Avropa İttifaqının (Aİ) ölkəmizdəki Nümayəndəliyi bu il avqustun 8-10-da Azərbaycanın regionlarının birində Avropa Məktəbi (EuroSchool) təşkil edəcək.
Nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, “EuroSchool”da iştirak etmək üçün ölkənin hər yerindən ümumilikdə 18-25 yaş arası 18 gənc seçiləcək.
Beynəlxalq təlimçilərin iştirakı ilə 3 gün davam edəcək tədbirdə Avropa İttifaqı, onun tarixi, fundamental prinsip və dəyərləri, enerji və ətraf mühitlə bağlı məsələlər, Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı Təşəbbüsü və Aİ-Azərbaycan münasibətləri haqqında daha çox məlumat əldə etmək üçün bir sıra interaktiv sessiyalar keçiriləcək.
İştirakçılara, həmçinin Avropada gənclər üçün mövcud olan təhsil və digər imkanlar haqqında da məlumat veriləcək. Proqramın təhsil hissəsi ilə yanaşı, iştirakçılar bölgə daxilində ekskursiyalarda iştirak edəcəklər. Avropa İttifaqı ölkələrindən olan gənclər də tədbirə qatılıb öz bilik və təcrübələrini Azərbaycan gəncləri ilə bölüşəcəklər.
Qeyd edək ki, artıq altıncı dəfədir Azərbaycanda təşkil olunacaq yay məktəbi 2016-cı ildə yaradılmış, Aİ-nın üzv dövlətlərini və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən, Aİ təşəbbüsü olan “Gənc Avropa səfirləri” şəbəkəsi çərçivəsində dəstəklənir.
Tədbirlə bağlı Bakıdan bölgəyə və geriyə nəqliyyat, yemək və yaşayış xərcləri Aİ Nümayəndəliyi tərəfindən tam olaraq qarşılanacaq.
İştirakçılar 2023-ci il iyunun 29-dək “Avropa İttifaqı-Azərbaycan - Güc birlikdədir” mövzusunda [email protected] ünvanına göndəriləcək kiçik esse daxil edilən motivasiya məktubu və CV-lər əsasında seçiləcək.
Proqram və seçim meyarları haqqında daha ətraflı məlumatı Aİ Nümayəndəliyinin internet saytından əldə etmək olar.